Bu gün muxtar respublikada dinamik inkişaf edən sahələrdən biri də iqtisadiyyatdır. Hər il qədim diyarda aparılan abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsi, yeni emal və istehsal sahələrinin fəaliyyətə başlaması, iş yerlərinin yaradılması, insanların sosial rifah halının yaxşılaşması Naxçıvanın güclü və dayanıqlı iqtisadiyyatından xəbər verir.
Dövlət qayğısı nəticəsində muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da güclü iqtisadi potensial yaradılıb, bu yaşayış məntəqəsi Naxçıvan iqtisadi inkişafında əvəzsiz rola malikdir. Babək rayonu iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıb. Belə ki, 2022-ci ilin ötən dövrü ərzində rayondakı sənaye subyektləri tərəfindən 91 milyon 880 min 700 manatlıq sənaye məhsulu istehsal olunub.
Hesabat dövrü ərzində ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələrinin yaradılması davam etdirilib, bu məqsədlə Babək rayonunun Zeynəddin kəndində fiziki şəxs Xanım Məhərrəmli və Hacıvar kəndində fiziki şəxs Nurəddin Yusifov tərəfindən mebel istehsalı sahələrinin, Cəhri qəsəbəsində fiziki şəxs Sədrəddin Əsədov tərəfindən plastik qapı-pəncərə istehsalı sexinin fəaliyyətinin genişləndirilməsi başa çatdırılıb, Sirab kəndində Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması istiqamətində işlər davam etdirilib. Özəl investisiya qoyuluşu və güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına 13 yeni iş yeri açılıb.
Sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonunda 19 layihə maliyyələşdirilib və bu məqsədlə 1 milyon 773 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bu vəsaitin də 1 milyon 515 min manatı sənaye yönümlü layihələrin maliyyələşdirilməsinə yönəldilib.
Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı önəmli məsələdir. Bu məqsədlə 2022-ci ilin ötən dövrü ərzində Babək rayonunda kənd təsərrüfatı üzrə 80892,1 min manatlıq məhsul istehsal edilib.
Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər və özəl investisiya qoyuluşları hesabına Babək rayonunda yeni kənd təsərrüfatı sahələri yaradılıb. Cari ilin ötən dövrü ərzində süd emalı, alma sirkəsi, heyvandarlıq, arıçılıq, bağçılıq, istixana təsərrüfatları olmaqla, ümumilikdə 24 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılıb, həmçinin 5 kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin yaradılması davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 238 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, ekoloji baxımdan saf, təmiz kənd təsərrüfatı məhsulları istehsalına yaradılan şərait Babək rayonunda yeni təsərrüfatların formalaşmasına səbəb olub. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 11 ailə təsərrüfatına 176 min manat kredit verilib.
Babək rayonunda xidmət sektoru da sürətlə inkişaf edir. Cari ilin ötən dövrü ərzində Babək rayonunun Nehrəm qəsəbəsində avtomobil təmiri sahələrinin yaradılması başa çatdırılıb, Aşağı Buzqov kəndində ailəvi istirahət mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən xidmət sahələrinin yaradılması məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 20 min manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
ŞƏRQİN SƏHƏRİ QƏZETİ 13 OKTYABR 2022-Cİ İL