Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Milli Dəyərlər Muzeyində olublar.
Məlumat verilib ki, 3 ekspozisiya zalından ibarət olan muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.