Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Miryasin Seyidov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev, Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı Füzuli Hacıyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Əli Şərifov çıxış ediblər.
Qeyd edilib ki, muxtar respublikada daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir, belə təsərrüfatların yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir. Yaradılan əlverişli şərait ailə təsərrüfatlarının sayının artması ilə yanaşı, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Şahbuz rayonunda da son illər çox sayda ailə təsərrüfatları yaradılıb. Mütəmadi olaraq keçirilən festivallarda həmin təsərrüfatların məhsulları yüksək səviyyədə nümayiş olunur və təqdirəlayiq qiymətini alır.
Vurğulanıb ki, seminar-müşavirənin keçirilməsində məqsəd ailə təsərrüfatı quran insanlara hərtərəfli köməklik göstərmək, onları öz təsərrüfatlarını inkişaf etdirmək üçün düzgün istiqamətləndirməkdən ibarətdir.
Sonra suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti