İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Ötən il sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılmış, müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. “Sənaye ili” elan olunmuş cari ildə Naxçıvan şəhərində “NaxPlast” MMC tərəfindən yeni istehsal xətlərinin, “Saf Metal” MMC tərəfindən məişət və kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahələrinin, mebel istehsalı, Kəngərli rayonunda çaxır istehsalı, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı sahələrinin yaradılması və genişləndirilməsi başa çatdırılmışdır. “Sənaye ili” çərçivəsində, ümumilikdə 15 müəssisə yaradılmış, 68 yeni iş yeri açılmışdır.
Muxtar respublikada reallaşdırılan iri sənaye layihələrindən olan Şərur Sənaye Məhəlləsində işlər davam etdirilmişdir. Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yaradılan sənaye məhəlləsində muxtar respublikamızda böyük tələbat duyulan bitki yağının istehsalı da nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, ““Ləzzət Qida Sənaye” MMC-də salfetka və araq istehsalı sahələrinin yaradılması davam etdirilməkdədir.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 288 layihənin maliyyələşdirilməsinə 112 milyon 723 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 989 min manat həcmində güzəştli kredit vermişdir.