Bu gün istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə də iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir.
Naxçıvan Universiteti ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Tapdıq Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Əminliklə demək olar ki, İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, Naxçıvanın gələcək iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.
Qeyd edilib ki, istehsalat təcrübəsi ərzində Naxçıvan Universitetinin təhsil alan 26 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilib. İstehsalat təcrübəsində nazirliyin əməkdaşı tərəfindən 28 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilib. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılıb, tələbələr iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular ilə bağlı geniş məlumat əldə ediblər. Həmçinin tələbələr iri sənaye müəssisələri ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti