Ötən il Babək rayonunda 36 yeni istehsal sahəsi yaradılıb

 

Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Milli iqtisadiyyatda özəl sektorun və bunun nəticəsində sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı Dövlət proqramları qəbul olunaraq icra edilib, hərtərəfli qanunvericilik bazasının yaradılması təmin olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq inkişaf etdirilib,  hər il yeni istehsal və emal sahələri fəaliyyətə başlayıb.

Dövlətin yaratdığı şəraitdən istifadə edən kənd adamları, kiçik sahibkarlar, torpaq mülkiyyətçiləri yerli məhsulların istehsalının artırılmasına səy göstərirlər. Odur ki, muxtar respublikanın Babək rayonunda da sahibkarlığın hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə fəaliyyət göstərmək istəyənlərə dövlət səviyyəsində lazımi şərait yaradılır. Torpaq mülkiyyətçiləri, sahibkarlar da yerli məhsulların istehsalında, yeni sahələrin yaradılmasında səylərini artırırlar.

Belə ki, 2022-ci il ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına Babək rayonunda 11 heyvandarlıq, 5 arçılıq, 1 bağçılıq, ümumi sahəsi 800 kvadratmetr olan 1 istixana  təsərrüfatının, 2 mebel istehsalı sahəsinin, 2 avtomobil təmiri sahəsinin, 1 süd emalı müəssisəsinin fəaliyyətinin bərpası, “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması, həmçinin 6 heyvandarlıq, 2 arçılıq, 1 gülçülük istixana təsərrüfatının, 1 alma sirkəsi istehsalı sahəsinin, 1 ailə təsərrüfatı məhsullarının emalı sahəsinin, 1 plastik qapı-pəncərə istehsalı sexinin  genişləndirilməsi olmaqla 36 layihə üzrə işlər başa çatdırılıb.

Bəhs olunan dövrdə 1 heyvandarlıq təsərrüfatının, ümumi tutumu 600 ton olan 1 soyuducu anbarın, 1 göbələk emalı sahəsinin, 1 ailəvi istirahət mərkəzinin, ümumi sahəsi 770 kvadratmetr olan 1 istixana təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatı genişləndirilməsi olmaqla 6 layihə üzrə işlər davam etdirilib.

Sahibkarlığın inkişafında, məhsul istehsalının stimullaşdırılmasında əsas məsələlərdən biri də sərfəli kredit imkanlarının yaradılmasıdır. Dövlətin bu yöndə atdığı addımlardan biri kimi ayrılan maliyyə vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yol açıb. 2022-ci ildə də Babək rayonunda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb. Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonunda 24 layihənin reallaşdırılmasına 1 milyon 839 min manat kredit ayrılıb. Bu  kreditlərdən sənaye yönümlü 3 layihənin maliyyələşdirilməsin  1 milyon 500 min manat, kənd təsərrüfatı yönümlü 20 layinənin maliyyələşdirilməsinə 285 min manat, xidmət yönümlü 1 layinənin maliyyələşdirilməsinə 20 min manat sərf olunub. Həmçinin fond tərəfindən ötən il 15 ailə təsərrüfatına 232 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Babək rayonunda belə müəssisələrin sayının artması daxili bazarda yerli məhsulun çəkisinin artmasında başlıca rol oynayır. Yerli məhsul bolluğu isə idxal edilən məhsulların qarşısının alınması ilə yanaşı, bu məhsulların xarici bazara ixracına da şərait yaradır. Bu da muxtar respublika iqtisadiyyatına əlavə gəlir gətirir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti