Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) nümayəndələri ilə yanaşı, Azərbaycan şirkətləri iştirak edir.
Dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox şirkətinin iştirak etdiyi sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi altında şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatların istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin məhsullarının nümayişi təşkil olunub.
Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən 11 şirkətin 20 növdə və 42 çeşiddə məhsulu, həmçinin şirkətlərə aid məhsul kataloqları və “Naxçıvan Məhsulları İxrac Kataloqu” nümayiş etdirilir.
“Beynəlxalq Yaşıl Həftə”də “Badamlı Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin mineral suları, “ Gəmiqaya Holdinq Şirkətlər İttifaqı ”-nin şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri, “Naxçıvan Məhsulları” PHŞ-nin müasir şəkildə qablaşdırılan meyvə quruları, “Araz-3” MMC-nin alma sirkəsi, “Ləzzət Qida Sənaye” MMC-nin vafli, lokumu, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, “ENNA” MMC-nin enerji içkiləri, soyuq çayı, “Savalan-S” kiçik müəssisəsinin aromatlaşdırılmış içkiləri, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsinin ət konservləri sərgilənir.
Naxçıvan şirkətlərinin məhsulları ziyarətçilərdə böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına muxtar respublikanın investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat verilib.
Naxşıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti