Naxçıvanda “Kətə” festivalı keçiriləcək

 

Aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçiriləcək.

Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.

Festivalda muxtar respublikanın rayonlarından yığılmış müxtəlif çeşiddə göyərtilərin satışı təşkil olunacaq, həm də onlardan hazırlanacaq kətələr nümayiş ediləcək. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.

Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə diplomlar təqdim olunacaq.

Muxtar respublika sakinlərini və qonaqlarını milli mətbəximizin ləziz təamlarından olan kətələrdən dadmağa dəvət edirik!

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti