Naxçıvanda “KOB Dostları” fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda “KOB Dostları” fəaliyyətə başlayacaq. “KOB Dostları” Naxçıvan Muxtar Respublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. “KOB Dostu” ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir. 

 Naxçıvan Muxtar Respublikasında “KOB Dostları”nın fəaliyyətə başlaması ilə əlaqədar aprelin 19-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. 
    Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasovun iştirakı ilə keçirilmiş görüşdə  müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar da təmsil olunublar. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 39 şəhər və rayonunda 46 “KOB Dostu” fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da “KOB Dostları” fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə “KOB Dostları” vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir. KOBİA sədri Naxçıvan sahibkarlarını “KOB Dostları” ilə aktiv əməkdaşlığa dəvət edib.
    Orxan Məmmədov yaxın günlərdə Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. Həmin mərkəz tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və digər xidmətlər göstəriləcəkdir. 
    Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair filmlər nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib, sualları cavablandırılıb. 
    KOBİA-nın nümayəndələri, həmçinin “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışında iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti