21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili münasibəti ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Ümummilli Liderin sahibkarlığın inkişafı ilə bağlı gördüyü işlər və qəbul etdiyi taleyüklü qərarlar ölkədə özəl sektorun yaranmasında və daimi inkişafında mühüm rol oynayıb. Bu məqsədlə hər il olduğu kimi, bu ildə aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar Günü"nün səkkizinci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.
Bu konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Arkoz Holdinq”in, “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun, “Ləzzət Qida Sənaye”, “NaxPlast” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Müasir məkan” ət və ət məhsulları müəssisəsinin nümayəndələri daxil edilib.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub.
Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti