Mayın 1-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Biznes Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərzi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Vurğulanıb ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulub, yüzlərlə iri zavod və fabrik tikilərək işə salınıb. Həmin illərdə digər sahələri ilə yanaşı, iqtisadiyyat sahəsində də mühüm işlər görülüb. Hələ o illərdə bu işlər görülərkən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini düşünüb.
Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarının Ümummilli lider Heydər Əliyev tərəfindən yaradıldığını, sonralar ümumən Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf proseslərinin məhz həmin zəmin üzərində ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Həmçinin, qeyd olunub ki, Ulu Öndərin sosial-iqtisadi inkişaf konsepsiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Naxçıvanın bu günkü uğurlarının əsası məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi 1991-1993-cü illərdə qoyuldu. Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların aparılması, keçmiş planlı təsərrüfat sisteminin yerində bazar iqtisadiyyatına əsaslanan özəl sektorun yaradılması ilə yeni həyata başlanılmışdır.
Sonda nazir kollektivi Nazirliyin yaradılmasının 22 illiyi münasibəti ilə təbrik edib.
Sonra Sahibkarlığın İnkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov Ulu Öndərin ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın formalaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artıb.
Sonra Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlamış sənədli film nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti