İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bu günlərdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Biznes-forumda son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyi, bu inkişafın sahibkarlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli şərait yaratdığı vurğulanıb.Azərbaycan-İran iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən biznes-forumda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin və “Dekor Qrup” MMC-nin nümayəndələrinin iştirakı təmin edilib. Tədbir çərçivəsində Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər də keçirilib.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti