Naxçıvanlı sahibkarlar Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edəcək

 

May ayının 17-19-u tarixlərində Bakı Ekspo Mərkəzində sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq.

Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə quruları, ət və ət məhsulları, süd və süd məhsulları, müalicəvi bitkilər, mineral sular, duz, mürəbbələr, turşular və digər məhsullar nümayiş olunacaq.

Sərgilər çərçivəsində keçiriləcək ikitərəfli işgüzar görüşlər zamanı yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanlarını müzakirə edə biləcəklər. 

Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edəcək sərgidə milli və regional stendlər qurulacaq.

 Sərgidə ümummilli lider Heydər Əliyevə həsr olunmuş stend  də yer alacaq.