Muxtar respublikada istehsal olunan məhsullar “Gulfood – 2019” sərgisində maraqla qarşılanıb 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood – 2019” beynəlxalq qida sərgisi keçirilib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdiriblər. Naxçıvan şirkətləri də növbəti dəfə vahid ölkə stendi ilə “Gulfood – 2019” beynəlxalq qida sərgisində təmsil olunub. Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin unlu-qənnadı məmulatlarını, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin brend məhsullardan olan “Sirab” mineral suyunu nümayiş etdirib. Azərbaycan pavilyonunda nümayiş etdirilən yerli məhsullarımız ziyarətçilərin və mütəxəssislərin böyük marağına səbəb olub.Qeyd edək ki, Körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük sərgilərdən olan “Gulfood” qida məhsulları sərgisinə bu il 120 ölkədən 5 mindən artıq yerli, regional və beynəlxalq şirkət qatılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti