Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
Dövlət Proqramında bildirilir ki, bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.
Proqramda prioritet istiqamətlərdən biri əlverişli biznes mühitinin yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcək. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.
Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunacaq. Bundan başqa, sosial sığorta ödənişlərinin tam və ya qismən dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdən keçiriləcək.
Naxçıvan MR-də sənaye parkı yaradılacaq.
Sənədə əsasən, parkda istehsal olunan sənaye məhsullarının xarici ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Naxçıvanda mövcud olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.
Naxçıvanda dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin ediləcək.