Muxtar respublikada sahibkarlığın inkişafı üçün daha böyük perspektivlər yaradılır

 

 

Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq. Bu da muxtar respublikaya sahibkarların daha çox maraq göstərməsinə, investorların cəlbinə münbit şərait yaradacaq.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun imkanlarından istifadə edilir. Fondun əsas fəaliyyət istiqaməti muxtar respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş adamlarının səmərəli biznes layihələrini reallaşdırmasına yardımçı olmaqdır.

Bazar iqtisadiyyatında azad sahibkarlığın stimullaşdırılması, təşəbbüskarlığın dəstəklənməsi əsas şərtlərdəndir. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına illik 5 faizlə kreditlər verilir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 114 milyon 960 min 100 manat kredit verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz və ya 19 milyon 53 min manat çoxdur.