11-15 fevral tarixlərdə Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo – 2019” sərgisi açılıb.
Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan sərgidə dünyanın 65 ölkəsindən qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edib. 30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələri əhatəli şəkildə təqdim olunub. XXVI beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin baş sponsoru bu il də Azərbaycan olub. Sərgidə qida, şərab və spirtli içkilər sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edib.
Azərbaycan şirkətlərinin təmsil olunduğu ekspozisiyada kənd təsərrüfatı məhsulları, konservlər, mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq, cəviz, quru meyvə, qənnadı məmulatları təklif edilib. “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə Rusiyanın paytaxtı Moskvada təşkil edilən “Prodekspo – 2019” sərgisində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri də iştirak edib. Sərgidə “Ləzzət Qida
Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün növ unlu-qənnadı məhsulları və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin qazlı və qazsız mineral suları nümayiş olunub. Xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan “Ləzzət Qida Sənaye” MMC-nin “Lay-lay” vafli məhsulları “Ən yaxşı məhsul” nominasiyasında birinci yerə layiq görülərək qızıl medalla təltif edilib.
Çinarə Balayeva