Ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəticəsində Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrinin də genişləndirilməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması həmin rayonların da bərpasına hədəflənmiş iqtisadi strategiyadır.
Bu iqtisadi siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən Cəbrayıl rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər sahələri əhatə edən məntəqələrin yaradılması planlaşdırılır. Sənaye parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Digər mühüm bir fakt isə Cəbrayılda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkında Naxçıvan sahibkarlarının da fəaliyyətinin nəzərdə tutulmasıdır. Bu barədə məlumatı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bu günlərdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı açıqlayıb. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların istifadəsinin təşviqinin dövlətin iqtisadi siyasətində mühüm məsələ kimi diqqətdə saxlanıldığını və bunun əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün də 14 hektar sahə müəyyənləşdirilib. Ərazidə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının vasitəsilə logistik anbarlar yaradılacaq. İlkin vaxtlarda parkda, əsasən, tikinti materiallarının satışı, sonrakı mərhələlərdə isə digər sahələr üzrə depoların tikintisi nəzərdə tutulub.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bir sıra mühüm icrasının nəzərdə tutulması bunu deməyə əsas verir ki, gələcəkdə Naxçıvanda da böyük iqtisadi layihələr reallaşdırılacaq, investisiya mühiti canlanacaq, yeni iş yerləri açılacaq və nəticədə, sosial-iqtisadi inkişaf tempi və məşğulluq səviyyəsi daha da artacaq. Eyni zamanda yaxın vaxtlarda muxtar respublika ərazisində yeni Sənaye parkının da tikintisi nəzərdə tutulur ki, digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlar və investorlar üçün yüksək güzəştlər tətbiq olunacaq.