Naxçıvanda idxal edilən məhsulların qiymətləri düzgün tənzimlənmir

 

Ölkəmizin digər bölgələrindən gətirilən və xarici ölkələrdən idxal edilən məhsulların qiymətlərinin tənzimlənməsində problemlər mövcuddur. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “Daxili bazarda süni qiymət artımının qarşısının alınması və antiinhisar fəaliyyəti haqqında qanunun tətbiqi” mövzusunda keçirilən tədbirdə bu barədə məlumat verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Nicat Həşimov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elşən Bayramov bildiriblər ki, təmsil etdikləri qurumlar tərəfindən mütəmadi olaraq muxtar respublikada daxili bazarın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, qiymətlərin artımına təsir göstərən inhisarlaşma və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparılır. Monitorinqlər zamanı müəyyən olunub ki, təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının bölgələrindən gətirilən və ya digər ölkələrdən idxal edilən məhsulların qiymətlərinin nazirliyə təqdim edilməsində problemlər var.

Qeyd edib ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanun pozuntusuna yol vermiş subyektlər barəsində icrası məcburi göstərişlər verilə, o cümlədən cərimə və maliyyə sanksiyaları tətbiq edilə bilər. Məlumatları və sənədləri təqdim etməyən, yaxud düzgün olmayan məlumatlar verən subyektlər isə qanunvericiliklə müəyyən edilmiş məbləğdə maliyyə sanksiyası şəklində cərimə olunurlar.

Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddənin II hissəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Buna görə də bu sahədə monitorinqlər davam etdiriləcək.