Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova çıxışında muxtar respublikada kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflərdən, reallaşdırılacaq layihələrdən, qazanılan uğurlardan söhbət açıb. Qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə illər öncə neft sektoru ilə paralel, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, iqtisadiyyat, turizm sahələri də inkişaf etdirildi. Məhz dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsində bu gün əkinçiliyin ənənəvi formasında mütərəqqi texnologiyalar üsuluna keçid, dünya bazarına inteqrasiya yüksək səviyyədə təmin olunub. Ölkə başçısının siyasi iradəsi ilə Zəngəzur Dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu sahədə potensialı artacaq, türkiyəli iş adamları ilə əlaqələr daha da güclənəcək. Nazir müavini vurğulayıb ki, bu gün muxtar respublikada 64 min hektar torpaq suvarılır ki, həyətyanı sahələri nəzərə almasaq onun 24 min hektarı əkin ərazisidir. Həmin ərazinin 21 min hektarında yazlıq və payızlıq taxıl əkilir, qalanı isə digər əkinlərin payına düşür. Bundan başqa 953 hektar meyvə bağları vardır ki, onun 250 hektarı mütərəqqi metodlarla salınıb. Qarşıda duran əsas məqsəd suya qənaət etməklə, mütərəqqi metodlarla əkinlərdə, intensiv üsullarla heyvandarlıqda məhsuldarlığı artırmaq, orqanik yetişdiriciliyi inkişaf etdirməkdir. Xəyalə Dadaşova çıxışının sonunda türkiyəli sahibkarları Naxçıvanda iş qurmağa, biznes sahələri yaratmağa dəvət edib.
Türkiyə Respublikası iş adamlarının heyət rəhbəri Ercan Dəmirçi işgüzar görüşə, yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, Azərbaycanla Türkiyə tarix boyu bir-birinin yanında olub, hər iki ölkə arasında bütün sahələri əhatə edən əlaqələr qardaşlıq, dostluq münasibətlərinə əsaslanıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipləri üzərində inkişaf edən Azərbaycanla-Türkiyə əlaqələri bu gün dünyada qürurverici nümunə gücündədir. Naxçıvan Muxtar Respublikası da hər iki ölkənin yaxınlaşmasında önəmli yerə, mövqeyə malikdir. Türkiyəli iş adamlarının muxtar respublikaya səfəri Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiya cəlbi baxımından olduqca önəmli rol oynayacaq.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm imkanları barədə, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıblar.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Ləman Əlizadə, Turizm Departamentinin sektor müdiri Süleyman Rüstəmov slaytlarla muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı haqqında təqdimatlar edib, ətraflı məlumatlar veriblər.
Nail ƏSGƏROV