Son illər ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində, demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib.
Bu isə, öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanması və icrasının davam etdirilməsi zərurəti yaradıb. Məhz bütün bunları nəzərə alan Prezident cənab İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirib.
Prezidentin müəyyənləşdirdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” məhz yeni mərhələdə müəyyən vəzifələrin reallaşdırılması prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir.
Təsdiq olunan yeni Dövlət Proqramının həyata keçirilməsi məqsədilə hazırlanmış Təfsilatlı Tədbirlər Planında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına da bir sıra mühüm vəzifələr qoyulub.
Təfsilatlı Tədbirlər Planında Naxçıvanda azad iqtisadi zonanın yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. Bu Dövlət Proqramının mövcud reallıqlar bölməsində regionun xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla bölgədə vergi və gömrük güzəştləri müəyyən edilməklə rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi deməkdir.
Muxtar respublikaya investisiyaların cəlb edilməsi və bu investisiyaların artırılması hərtərəfli inkişaf üçün vacibdir. Bu baxımdan Tədbirlər Planında nəzərdə tutulan yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görülməsi mühüm əhəmiyyətə malik olduğundan gələn il Naxçıvan Muxtar Respublikasında yerli və xarici investorların (sahibkarların) iştirakı ilə İnvestisiya Forumu keçirilməsi planlaşdırılır. Həmçinin “İnvest in Nakhchivan” veb səhifəsinin hazırlanması məqsədilə səhifənin eskizi, predmetə uyğun olaraq əsas şərtlər toplusu hazırlanmış və yaxın zamanda dövlət satınalmalarının vahid internet portalında müsabiqəsi elan olunacaqdır.
İqtisadiyyatın prioritet sahələri üzrə investisiya layihələrinin hazırlanması bəndinə uyğun olaraq investisiya qoyulması prioritet olan sahələr, o cümlədən inşaat materialları, şüşə tutumlar, baramaçılıq və ipəkçilik, səhiyyə, dini və ənənəvi turizm, yaşıl enerji, kənd təsərrüfatı məhsulları tədarükü və emalı, günəş panelləri, avtomobil və texnikalar üçün ehtiyat hissələri, pivot suvarmada istifadə olunan metal konstruksiyalar, boyalar üçün xammal, soda, natrium xlorid, gil xammalı, teşenit yatağından xarici və daxili divarların üzlənməsi üçün təbii daş bloklar, çini və saxsı qablar, efir yağı, üzvi gübrə, bitumlu membran, corab, sabun, dəftər və qələm istehsalı üzrə sahələr müəyyənləşdirilib. Sentyabrın əvvəlində “Naxçıvan Saray”da Türkiyə Respublikasının iş adamları ilə keçirilən işgüzar görüşdə həmin sahələrin təqdimatı olub.
Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, maliyyə zəmanəti və digər iqtisadi dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi Təfsilatlı Tədbirlər Planında öz əksini tapıb. Həmçinin Tədbirlər Planının alt bəndində görüləcək işlər sırasında Naxçıvana güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulub.
Ötən dövr ərzində bu istiqamətdə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən banklara ilkin olaraq 15.000.000,0 manat həcmində vəsait ayrılıb. Muxtar respublikada “Bank Respublika”, “AccessBank” və “NaxçıvanBank” Açıq Səhmdar cəmiyyətləri Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müqavilələr bağlayaraq müvəkkil banklar qismində fəaliyyət göstərirlər.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi hazırda “Azərbaycan Beynəlxalq Bankı”, “Naxçıvanbank” ASC, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Daha iki bank müvəkkil qismində fəaliyyət göstərmək istəyi ilə Fonda müraciət edib.
İqtisadi inkişafın müasir mərhələsində mühüm məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarilə, ixracyönümlü məhsul istehsalının həcminin artırılmasından ibarətdir. Təsdiq olunan sənəddə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər bazarlara ixracını təşviq etmək məqsədilə logistik dəstək verilməsi hədəflənir. Bu istiqamətdə muxtar respublikada logistik şirkətin yaradılması nəzərdə tutulub.
Təfsilatlı Tədbirlər Planında sənaye parkının və məhəlləsinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də qeyd olunub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Ötən müddət ərzində sənaye parkının yaradılması istiqamətində iş aparılıb, nəticədə, Naxçıvan-Sədərək avtomagistralının sol tərəfində Naxçıvan şəhərinin inzibati ərazisinə aid əkin üçün tam yararsız olan 310 hektar ərazi və Sədərək və Şərur rayonlarının sərhədlərində yerləşən 1500 hektar sahəni əhatə edən bələdiyyə və dövlət mülkiyyətinə məxsus əkin üçün qismən yararsız ərazilər müəyyən edilib. Həmçinin komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sənaye parkının tikilməsi üçün müəyyənləşdirdiyi ərazilərə baxış keçirilməsi planlaşdırılır.
Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində müvafiq işlər görülüb. Şərur Sənaye Məhəlləsində 2023-cü ilin əvvəlinədək cəmi 3 istehsal sahəsi fəaliyyət göstərirdi. Artıq sənaye məhəlləsində ayaqqabı, tikili mallar, Avropa qapıları, mebel, kağız kisə, karton tara istehsalı sahələri olmaqla, 7 sahibkarlıq sahəsi fəaliyyət göstərir. Bitki yağı, unlu qənnadı məmulatları, qəlyan tütünü istehsalı sahələrinin qurulması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, Şərur Sənaye Məhəlləsinin boş qalan ərazisində tekstil müəssisənin qurulması və sahibkarlıq subyektləri tərəfindən daxil olan 20 layihə üzrə işlər aparılmaqdadır.
Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində ilkin olaraq muxtar respublikada istehsal edilən ixrac potensiallı məhsullar müəyyənləşdiriləcək, məhsulların vahid reyestr və rəqəmsal kataloqu hazırlanacaqdır. Eyni zamanda ölkə daxilində və xaricdə keçirilən beynəlxalq sərgilərdə, müxtəlif ölkələrdə olan Ticarət evlərində Naxçıvanda istehsal edilən məhsulların nümayişi təşkil olunacaq, həmçinin xarici tərəfdaşların tapılması istiqamətində işlər aparılacaqdır.
Artıq bu istiqamətdə potensial ixrac bazarlarında baş verən tendensiyalar öyrənilir, ixrac potensiallı məhsulların bu bazarlara çıxarılması istiqamətində araşdırma aparılır, sahibkarların müraciətləri əsasında ixracla bağlı müvafiq məlumatlar verilir. Eyni zamanda AZPROMO tərəfinən tətbiq edilən “Microsoft Bİ” interaktiv vizualizasiya məlumat proqramı üzrə təlim keçməsi üçün Nazirliyin 2 əməkdaşı Bakı şəhərinə ezam olunub.
İxracyönlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması və layihələrə investisiyaların cəlb edilməsi bəndinə uyğun olaraq Nazirlikdə müvafiq əmr əsasında Komissiya yaradılıb. Komissiya tərəfindən ilkin olaraq sənaye sahələri müəyyənləşdirilmiş layihələrin hazırlanması istiqamətində işlər aparılır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullardan istifadənin təşviq edilməsi proqramın əsas məqsədlərindən biridir. Digər mühüm bir fakt isə Cəbrayılda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Naxçıvan sahibkarlarının da fəaliyyətinin nəzərdə tutulmasıdır. Bu məqsədlə cari ilin iyun ayında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində 35 sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib. Qeyd edək ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün də 14 hektar sahə müəyyənləşdirilib. Sahibkarlarla aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq 3 sahibkarlıq subyekti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1700 kvadratmetr ərazinin onlara ayrılmasını təklif edib.
Təfsilatlı Tədbirlər Planında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin, eləcə də qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviq edilməsi planlaşdırılır. Bu məqsədlə kənd təsərrüfatı sahələri üzrə müxtəlif təyinatlı kiçik və orta fermer təsərrüfatlarının yaradılması üçün Sahibkarlığın İnkişafı Fonduna müraciət edən sahibkarlar, ailə təsərrüfatçıları bu istiqamətdə təşviq edilir. Cari ilin ötən dövrü ərzində Fond tərəfindən heyvandarlıq təsərrüfatları və soyuducu anbarları yaradılması yönümlü 18 layihəyə 450.000,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Digər mühüm bir tapşırıq startap layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsidir. Tapşırığın icrası məqsədilə sahibkarlıq subyektləri ilə görüşlər keçirilərək “Startap Şəhadətnaməsi” və qrantla bağlı dövlət dəstək mexanizmləri barədə onların məlumatlandırılması təmin ediləcəkdir.
Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan Naxçıvanda həyata keçirilən dövlət satınalmalarının vahid internet portalına inteqrasiyasının reallaşdırılması geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin olunmasına xidmət edir. Ötən dövr ərzində dövlət satınalmalarının vahid elektron portalına inteqrasiyası təmin olunub, muxtar respublikada fəaliyyət göstərən dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı 262 müsabiqə həyata keçirilib.
Dövlət Proqramının əsas istiqamətləri sırasında mikro, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin inkişaf etdirilməsi və dövlət xidmətlərinin təşkil olunması prioritet kimi müəyyən edilib. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından aidiyyəti qurumlarla danışıqlar aparılıb, KOB dostları yaradılacaq məkanları müəyyən edib. Cari ilin aprel ayında Naxçıvan şəhəri və Babək, Culfa-Ordubad, Şərur-Sədərək, Şahbuz-Kəngərli rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb.
Təfsilatlı Tədbirlər Planında dövlət əmlakının registr proqram təminatının yaradılması və inteqrasiyası öz əksini tapıb. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nazirliyin aidiyyəti şöbəsində “MAES” proqram təminatı qurulub, inteqrasiyanın təmin edilməsi və zəruri olan işlərin görülməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-nin mütəxəssisləri sentyabr ayının əvvəlində Nazirliyə ezam olunub.
Ezamiyyə müddətində mütəxəssilər tərəfindən Nazirlikdə mövcud informasiya sistemlərinin analizi aparılıb, hazırda vahid sistemə inteqrasiya olunması istiqamətində işlər görülür.
Yeni Dövlət Proqramının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasına texniki yardım və qrant layihələri cəlb ediləcəkdir. Təfsilatlı Tədbirlər Planında müəyyən edilmiş müddət ərzində müvafiq donor təşkilatlarla danışıqlar aparılması və layihələrin müəyyənləşdirilməsi, texniki yardım və qrant layihələrinin icra edilməsi, beləliklə də beynəlxalq təcrübələrin tətbiqi ilə sosial-iqtisadi sahələrdə inkişafa nail olunması nəzərdə tutulub.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının müvəffəqiyyətlə davam etdirilməsi muxtar respublikamızın sosial-iqtisadi qüdrətinin daha da artırılmasına təkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti