Novruz Novruzlu: “Bu il sahibkarlara 4 milyon 155 min manat güzəştli kredit verilib”

 

 Naxçıvanda sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərindən biri də investisiya layihələrinin həyata keçirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi, iqtisadiyyatın, xüsusilə özəl sektorun inkişafına töhfə verəcək prioritet proqramların maliyyələşdirilməsidir. Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsinə dövlət dəstəyini həyata keçirən əsas qurumlardan biridir. Naxçıvanda dövlət dəstəyi ilə güzəştli kreditlərin verilməsi ilə bağlı suallara Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri Novruz Novruzlu cavab verib.

– Novruz müəllim, zəhmət olmasa, əvvəlcə Fondun xətti ilə verilən güzəştli kreditlərin şərtlərini xatırladardınız. Hazırda Sahibkarlığın İnkişafı fondu hansı şərtlərlə və hansı istiqamətlərə kreditlər ayırır?

 Sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlər 3 kateqoriyaya bölünür: bura 5 min manatdan 25 min manatadək kiçikhəcmli kreditlər, 25 min bir manatdan 5 yüz min manatadək orta həcmli kreditlər və 5 yüz min bir manatdan 10 milyon manatadək irihəcmli kreditlər aiddir. Kreditlərin müddətləri: kiçikhəcmli kreditlər üç ilədək, orta həcmli kreditlər 5 ilədək və irihəcmli kreditlər10 ilədək müddətə təqdim edilir.

Kreditlərdən istifadə üzrə güzəşt müddəti sahibkarlıq subyektinin investisiya layihəsi üzrə nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər.

– Bəs sahibkar istəsə, güzəşt müddətini azalda bilərmi? Həm də oxuculara daha aydın olsun deyə, onu misalla izah edə bilərikmi? Məsələn, tutaq ki, mən 5 illik güzəştli kredit götürmüşəm və 2,5 il güzəşt müddəti verilib. Bu nə deməkdir?

– Bildiyiniz kimi kredit vəsaiti sahibkarlıq subyektinə güzəşt müddəti ilə verilir. Belə ki, əgər misal üçün, kredit vəsaiti 5 il müddətə verilibsə, yəni orta həcmli kreditdirsə, bu zaman vaxt iki hissəyə bölünür, birinci 30 ay güzəşt müddəti sayılır və sahibkar ancaq faiz borcunu ödəyir. İkinci 30 ay başladıqda isə artıq sahibkar tərəfindən müvəkkil bankın təqdim etdiyi qrafikə uyğun olaraq əsas borcun ödənilməsinə başlanılır.

–  Novruz müəllim, kreditin 5 faizlik faizi necə bölünür? Bunun hansı hissəsi bankların və Fondundur?

– Fondun kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.

–  Novruz müəllim, Sahibkarlarımızın əksəriyyətinin də necə deyərlər, problemlərlə üzləşdiyi yer məhz girov təminatıdır. Belə hallar olurmu ki, siz layihədən razısınız və layihəni maliyələşdirməyə hazırsınız, amma girov olmadığına görə, bu layihə maliyyələşmir.

– Çox gözəl bir məqama toxundunuz. Sahibkarların güzəştli kredit üçün müraciət proseduru ilkin olaraq müvəkkil kredit təşkilatları – banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqlarıdır, müraciət həmin təşkilatlara olunur və həmin banklar, müvəkkil kredit təşkilatları layihəni dəyərləndirir, əgər müsbət qərar verilirsə, bu zaman güzəştli şərtlərlə maliyyələşdirilmə məqsədilə Fonda müraciət olunur. Fond 10 iş günü ərzində bu müraciəti dəyərləndirir, əgər müsbət rəy verilərsə, öz rəyini banka bildirir və bundan sonra bank maliyyələşmə üçün sifariş təqdim edir. İmtina olunduğu təqdirdə də Fond yenə də bu barədə məlumat verir. Burada əsas məqam ondan ibarətdir ki, sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına (banka) müraciət edir və girov predmeti bankda saxlanıldığından bu prosesdə Fond iştirak etmir.

O ki qaldı girov probleminə, doğrudan da bizə sözsüz ki, sahibkarların müraciətləri olur, və bu müraciətlər zamanı bizim eşitdiyimiz problemlərdən ən əsası girov təminatı ilə bağlı olan problemlərdir. Amma banklar müstəqil, lisenziya əsasında fəaliyyət göstərirlər. Onların girov tələbinə qarşı hər hansı bir tələbin fond tərəfindən qoyulması düzgün olmazdı. 

–   Fond bu il nə qədər güzəştli kredit layihəsini dəstəkləyib? Həmin layihələr əsasən hansı istiqamətləri əhatə edir?

– 2023-cü il yanvarın 1-dən bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadi inkişafın prioritet istiqamətləri üzrə müəyyənləşdirilmiş sahələrin maliyyələşdirilməsinə 23 layihə üzrə 4 milyon 155 min manat məbləğində vəsait ayrılıbdır. Bu vəsaitin 3.690.000 manat sənaye məhsullarının istehsalına, 450.000 manatı kənd təsərrüfatı məhsullarının istehsalına, 15.000 manatı isə xidmət sahələrinin inkişafına yönəldilib. Bu il güzəştli kredit layihələrinin sayca 99,6 faizi sənaye və kənd təsərrüfatının payına düşüb.

 Fondun kredit təşkilatlarının sayı nə qədərdir?

– Hazırda Sahibkarlığın İnkişafı Fondu “Azərbaycan Beynəlxalq Bankı”, “Aqrarkredit” QSC və “Naxçıvanbank” ASC olmaqla, ümumilikdə, 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Daha iki bank müvəkkil qismində fəaliyyət göstərmək istəyi ilə Fonda müraciət edib və hal-hazırda bu istiqamətdə qanunvericiliyə uyğun tədbirlər həyata keçirilməkdədir.

Novruz müəllim, müsahibəyə görə təşəkkür edirik.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
 mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi