Növbəti xidmət mərkəzi yaradılıb

 

2010-cu ildən fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün əhaliyə yüksəkkeyfiyyətli avtomobillər təqdim edir, sərfəli xidmətlər göstərir. İlbəil öz əhatə dairəsini daha da genişləndirən müəssisənin artıq texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazalarının yaradılmasına başlanılıb. Şərur rayonundan sonra növbəti belə xidmət mərkəzi Culfa rayonunda yaradılıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, son illər muxtar respublikamızda avtomobil nəqliyyatı sahəsinin inkişafı üçün atılan addımlar öz bəhrələrini verir. Xidmət mərkəzlərinin yaradılması sürücülərin vaxt itkisini aradan qaldırmaqla yanaşı, həm də əlavə xərclərə son qoyacaq, milli valyutanın xaricə axınının qarşısını alacaq. Məlumat üçün bildirək ki, yeni xidmət mərkəzində mühərrikçi, avtomobillərin diaqnostik müayinəsi, yağdəyişmə, təkər təmiri, təkərlərin 3D ölçüdə tənzimlənməsi, yuyucu, çilingər, avtomobil kondisionerlərinin təmiri kimi xidmət sahələri, iş otağı, anbar və ehtiyat hissələrinin satışı mağazası fəaliyyət göstərəcək. Yeni obyektdə 11 iş yeri açılıb. Xidmət sahələrində çalışan işçilər xüsusi geyim forması ilə təmin olunublar. Onların orta aylıq əməkhaqqı 350 manatdır. Onu da xatırladaq ki, mərkəzdə Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərlə yanaşı, digər markalı avtomobillərə də texniki xidmət göstəriləcək. Texniki xidmət mərkəzi Culfa və Ordubad rayonlarını əhatə edəcək.