Texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazası açılıb

2010-cu ildə fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif markalı avtomobillərin komplektləşdirilmiş hissələrinin alınaraq yığılması muxtar respublikada maşınqayırma sənayesinin inkişafına müsbət təsirini göstərib. Bu günlərdə Şərur rayonunda adıçəkilən cəmiyyətin texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazasının fəaliyyətə başlaması isə muxtar respublikada müasir nəqliyyat infrastrukturunun yaradılmasında mühüm rol oynayacaq. Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musa Abdullayev çıxış edərək muxtar respublikamızda nəqliyyat infrastrukturunun yeniləndirilməsi sahəsində görülən işlərdən danışıb, belə tədbirləri diyarımızda bərqərar edilmiş sosial-iqtisadi inkişafın bəhrələri kimi dəyərləndiriblər. Vurğulanıb ki, cəmiyyətin istehsal etdiyi avtomobillərə tələbat gündən-günə artır. Bu gün Şərur və Sədərək rayonlarında cəmiyyətin istehsal etdiyi 280 avtomobildən taksi kimi istifadə edilir.

Məlumat üçün bildirək ki, texniki xidmət bölmələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılmasına 146 min manat vəsait sərf olunub. Mağazanın ümumi sahəsi 1900, o cümlədən tikilialtı sahəsi 300 kvadratmetri əhatə edir.

Burada mühərrikçi, avtomobillərin diaqnostik müayinəsi, yağdəyişmə, təkər təmiri, təkərlərin 3D ölçüdə tənzimlənməsi, yuyucu, çilingər, avtomobil kondisionerlərinin təmiri kimi xidmət sahələri, iş otağı, anbar və ehtiyat hissələrinin satışı mağazası fəaliyyət göstərəcək. Yeni obyektdə 11 yeni iş yeri açılıb. Xidmət sahələrində çalışan işçilər xüsusi geyim forması ilə təmin olunublar. Onların orta aylıq əməkhaqqı 350 manatdır. Tədbirdə taksi sürücüləri Rizvan Əliyev, Nicat Ağayev, təmirçi Rəfael Nəzərov bildiriblər ki, yeni obyektin fəaliyyətə başlaması ilə Şərurda və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Naxçıvan şəhərinə getmədən yerində texniki xidmət göstərilməsi təmin ediləcək. Onlar yaradılan şəraitə görə minnətdarlıq ediblər.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidmət