Məlum olduğu kimi, ölkəmizdə, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında investisiyaların cəlb olunması, yeni istehsal sahələrinin yaradılması üçün münbit və əlverişli şərait yaradılıb.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-ci illər üzrə "Təfsilatlı Tədbirlər Planı"nda investisiya mühitinin yaxşılaşdırılması, Naxçıvana yerli və xarici investorların cəlb edilməsi nəzərdə tutulub.
Həmçinin, bu sahədə təbliğat və təşviqat baxımından "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması istiqamətində işlərə başlanılıb. Məsələ ilə bağlı NAXCİVANXEBERLERİ.COM-a İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov ilkin açıqlama verib.
"Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyi tərəfindən veb-saytın ilkin versiyası yaradılıb. Veb-saytın yaradılmasının əsas məqsədi muxtar respublikada iş görmək istəyən yerli və xarici investorlara investisiya potensialı haqqında məlumat verməkdir."
Qeyd edək ki, veb-sayt bir neçə bölmədən ibarət olacaqdır. Burada muxtar respublikanın iqtisadiyyatı haqqında, investisiya mühiti, investorlar üçün təşviqlər və dəstək tədbirləri, qüvvədə olan normativ-hüquqi qanunvericilik aktları, sahibkarlıq subyektləri, iqtisadiyyatın sektorları üzrə investisiya imkanları, həmçinin hazır investisiya layihələri, özəlləşdirilməyə çıxarılan müəssisələr və sahələr üzrə təklif olunan layihələr haqqında məlumat veriləcəkdir.
Orxan Abdinov deyir ki, saytı ziyarət edən sahibkarlar və investorlar öz təkliflərini də paylaşmaq imkanı əldə edəcəklər. Təqdim olunmuş investisiya layihələri müvafiq icra orqanları tərəfindən qiymətləndiriləcək, onun texniki əsaslandırılması aparılacaq və bunların əsasında rəy veriləcəkdir.
Həmçinin, muxtar respublikanın interaktiv xəritəsi vasitəsi ilə saytın ziyarətçiləri muxtar respublikanın rayonları üzrə ayrılıqda investisiya təklifləri və imkanları haqqında da məlumat əldə edə biləcəklər. Saytda muxtar respublikada yaradılmış və yaradılması nəzərdə tutulan sənaye məhəllələri, sənaye parkları və iqtisadi zonalar və orada tətbiq edilən güzəştlər haqqında məlumatlar da yerləşdiriləcəkdir.
Şöbə müdiri bildirib ki, saytda tərəfdaşlarımız haqqında məlumat yerləşdirilib və aidiyyəti dövlət orqanlarının internet ünvanlarına link vasitəsilə müraciət etmək olacaqdır.
Qeyd edək ki, hal-hazırda saytın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.