Sənaye məhsullarının həcmi ixracatda mühüm yer tutur

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Sənayenin inkişafına göstərilən bu diqqət ölkəmizin müxtəlif iqtisadi regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həmin sahənin inkişafına şərait yaradıb.

Hər şeydən əvvəl, vurğulamaq lazımdır ki, sənayenin inkişafı xammala əsaslandığından, bu xammaldan istifadə imkanları, o cümlədən emalı, daşınması, yeni məhsulun istehsalında yararlılıq faizi əsas amillərdən hesab olunur. Muxtar respublikanın ötən əsrin 90-cı illərindən blokada vəziyyətinə salınması sənaye infrastrukturunun yaradılmasında çətinliklər törətsə də, qarşıya qoyulmuş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı təmin edilib. Təsadüfi deyil ki, təxminən, son 20 il ərzində muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, qənnadı, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb.

Son illərdə sənaye sahələrinə böyük investisiyaların qoyulduğu müəssisələrin fəaliyyəti nəticəsində məhsul istehsalının həcmi də artıb. Bu isə, öz növbəsində, muxtar respublikanın ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmini dəfələrlə yüksəldib. Sənaye məhsulları həcminin artım dinamikasına nəzər yetirsək, görərik ki, 2016-cı ildə muxtar respublikada istehsal olunan məhsulların həcmi 942 milyon manatdan çox olub. Bu, 1995-ci illə müqayisədə 103, 2000-ci illə müqayisədə isə 69 dəfə çox deməkdir. 2017-ci ildə isə 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyir. Həmin dövrdə sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 49 milyon 878 min 900, qeyri-dövlət sektorunda isə 917 milyon 181 min 100 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun payına düşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatıb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 1,3 faiz artıb. Eyni zamanda bunu da qeyd edək ki, 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub. İstehsal dinamikasına nəzər salsaq, görərik ki, 2014-cü ildə muxtar respublikada 891 milyon 486 min 400, 2015-ci ildə 916 milyon, 817 min 900, 2016-cı ildə 942 milyon 944 min 400, 2017-ci ildə isə 967 milyon 60 min manatlıq sənaye məhsulu istehsalı qeydə alınıb. Digər tərəfdən yeni sənaye müəssisələrinin yaradılmasına göstərilən dövlət dəstəyi əvvəlki illərdə olduğu kimi, ötən il də davam etdirilib. Belə ki, 2018-ci ildə bu sahənin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 172 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 9,1 dəfə çoxdur. Vurğulamaq lazımdır ki, bu gün dünya iqtisadiyyatındakı ixrac-idxal əməliyyatlarında sənaye məhsullarının həcmi ön sırada dayanır. Buna görədir ki, inkişaf etmiş ölkələr bu təsnifatda, həm də sənaye ölkələri kimi tanınır. Sənaye ölkələri isə daim yeniliklər edən, insanların tələbatını ödəyən, davamlı olaraq inkişaf edən ölkə imicini qazanır. Sevindirici haldır ki, muxtar respublikada sənaye məhsulları istehsalının həcmi də ildən-ilə yüksəlir və bu da, öz növbəsində, belə məhsulların ixracını artırır. Statistikaya görə, 2017-ci ildə 321 milyon 841 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunub. 2018-ci ildə isə ixrac olunan sənaye məhsullarının həcmi 322 milyon 485 min 300 ABŞ dolları təşkil edib. Bu rəqəm həm də onun göstəricisidir ki, muxtar respublikada sənaye məhsullarının istehsalı və ixracın artması davamlı xarakter daşıyır.