“Ləzzət Qida Sənaye” MMC “İSM Middle East-2023” Beynəlxalq Şirniyyat Sərgisində iştirak edib

 

Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Naxçıvan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər. Növbəti dəfə yerli məhsullarımız 7-9 noyabr 2023-cü il tarixlərdə Dubay şəhərində keçirilən “İSM Middle East-2023” Beynəlxalq Şirniyyat Sərgisində nümayiş edilib.

Orta Şərq və Şimalı Afrikanın ən böyük şirniyyat sərgisində dünyanın 50-dən çox ölkəsinin 330-dan çox şirkətinin şokolad və şokolad məhsulları, şəkərli şirniyyatlar, vaflilər, təbii qəlyanaltılar, dondurmalar və dondurulmuş şirniyyatlar, müxtəlif çeşidlərdə meyvəli şirniyyat məhsulları nümayiş olunub. Tədbirə 110 ölkədən 10 mindən çox ziyarətçi qatılıb.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və nümayədlərinin iştirak etdiyi sərgidə şirkət tərəfindən istehsal olunan müxtəlif çeşidlərdə vafli, peçenyə, maşmelo, lokumlar, qarğıdalı çubuqları, limonadlar və digər məhsullar nümayiş olunub.

Sərgi çərçivəsində “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Özbəkistan, BƏƏ, Liviya, Efiopiya və digər ölkələrdən potensial alıcılar ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.