Dövlət proqramı uğurla icra olunur


    Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilib. 2019-cu ilin birinci yarım ilində bu istiqamətdə bir sıra təşkilati işlər görülüb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və “Buzxana” tarix-memarlıq abidəsində yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 18 xalça toxunub və dəyəri 3 min 104 manat olan 18 xalçanın satışı həyata keçirilib. Əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin xalq yaradıcı­lığı emalatxanasında mütəmadi olaraq müdavimlər qəbul edilib, həmçinin bu məqsədlə peşə kurslarının keçirilməsinə dair tədris planı hazırlanıb. Ötən dövr ərzində emalatxanada 2 müdavim və Naxçıvan Dövlət Universitetinin 15 tələbəsi xalçaçılıq kursu keçib, bədii və texniki iş üsullarını ­öyrənib.

       Xalçaçılıq sahəsi üzrə sənətkarların bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği məqsədilə “Mənim ikinci peşəm layihəsi” adı altında 25 gəncin emalatxanaya ekskursiyası təşkil olunub.
Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılması məqsədilə “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində 5 xalçaçı qadınla müqavilə bağlanıb, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunublar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.

   Xalçaçılıq sənətini inkişaf etdirmək məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı emalatxanasının tikintisi yekunlaşdırılıb, müəssisə zəruri xammal və ləvazimatlarla – müxtəlif­rəng­li yun iplərlə, həvə, qayçı, bıçaq və digər alətlərlə təchiz edilib, 50 nəfər xalçaçı işlə təmin olunub. 2019-cu ilin ötən dövründə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında xalçaçı sənətkarlar tərəfindən 150 kvad­­ratmetrdən çox xalça toxunub. 
Bundan əlavə, əllə toxunmuş xalçaların reyestr sistemi yaradılıb, 494 xalça haqqında məlumatlar reyestrə daxil edilib. Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Ötən dövr ərzində İran İslam Respublikasının Məşhəd və Maku şəhərlərində keçirilən beynəlxalq sərgilərdə muxtar respublika sənətkarlarının 55 adda əl işinin sərgi-satışı həyata keçirilib. Mərkəzin biznesmerkez.info.az saytında muxtar respublikada xalçatoxuma üzrə fəaliyyət göstərən sənətkarların əl işləri yerləşdirilib. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılacaq xalçalar iqtisadiyyata töhfə verməklə yanaşı, muxtar respublikada özəl sektorun inkişafına da əlavə stimul yaradacaqdır.

    Xalçatoxuma sahələrini xammalla təchiz etmək və ixtisaslı kadrların hazırlanması, əllə xalça­toxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində işlər davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum qadınlardan ibarət xalçaçı kursu təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində xalçaçı kursunun fəaliyyət göstərməsi üçün müraciətlərin qeydiyyatı aparılıb və 2019-cu ilin II yarım ilində kursun açılması nəzərdə tutulub.

     Qeyd edək ki, ötən dövrdə Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazır­lanması məqsədilə AMEA Naxçıvan Bölməsində aparılan tədqiqat işləri ilə əlaqədar bir monoqrafiya nəşr olunub, üç elmi məqalə isə çapa təqdim edilib. Xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası, Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınaraq tədrisin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisaslarında “Naxçıvan xalçaçılıq tarixi”, “Naxçıvan xalçaçılıq məktəbi” və “Naxçıvanda xalçaçılığın inkişafı” ilə bağlı mövzular seçilərək tədqiqat obyekti kimi müəyyənləşdirilib. 

     Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin II yarısından etibarən Memarlıq ixtisasında xalçaçılıqda memarlıq ornamentləri fənni seçmə fənn kimi tədris olunub, Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinə mütəmadi olaraq kompozisiya dərslərində xalça sənəti, onların çeşidləri, növləri və bölgələrə məxsusluğu ilə bağlı mühazirələr oxunub. Xalça ornamentini öyrənən tələbələr Azərbaycan xalça məktəbinin ənənələrinə uyğun dekorativ-tətbiqi sənət nümunələri üzrə təşkil olunan sərgilərdə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti