Rəqabətqabiliyyətlilik isə bir neçə faktora əsaslanır ki, onlardan da biri və ən əsası keyfiyyət amilidir. Xüsusilə ərzaq məhsullarının keyfiyyətinə nəzarətin beynəlxalq normalara uyğun aparılması ixracatda iqtisadi etalon kimi qəbul olunur. Məhz bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyətə başlayan yerli istehsal müəssisələrində müasir texnoloji avadanlıqların tətbiqi, keyfiyyətli məhsul istehsalı və bu məhsullara nəzarət tədbirləri daim diqqət mərkəzində saxlanılır.
2001-ci ildən muxtar respublikada fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas iş prinsipi məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılır. Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi Qida Sınaq Laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırır.
Laboratoriyada məhsulların keyfiyyətinə nəzarət beynəlxalq qaydalara uyğun olaraq aparılır. Burada İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyasının istiqamətində yekun audit yoxlamaları keçirilib və Latviya Respublikasının LATAK akkreditasiya orqanının qərarına əsasən laboratoriya LATAK-T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınaraq İSO/İEC 17025:2005 standartı üzrə akkreditasiyası başa çatdırılıb. Audit yoxlamalarından sonra cəmiyyətin Mərkəzi Qida Sınaq Laboratoriyasına 27 yanvar 2023-cü il tarixədək qüvvədə olan növbəti beynəlxalq akkreditasiya sertifikatı təqdim edilib.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, radioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
Cəmiyyətdən verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində 444 halda hüquqi və 501 halda fiziki şəxslər tərəfindən daxil olmuş 64 mal çeşidini əhatə edən 400 halda səyyar və 945 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən, 684 yerli istehsal məhsullarını və 261 idxal məhsullarını əhatə edib. Nəticədə, 940 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 5 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
2019-cu ilin altı ayı ərzində muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-yə “Lay-lay” vafli məhsullarının Türkiyə Respublikasına aparılması üçün 5 halda, “Lay-lay” vafli məhsullarının Gürcüstan Respublikasına aparılması üçün 2 halda, “Naxçıvan Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-yə travertin və mərmərin Gürcüstan Respublikasına aparılması üçün 9 halda, “Cahan Tabak Beynəlxalq” MMC-yə siqaret məhsullarının Azərbaycan Respublikasına aparılması üçün 2 halda, tütün nümunəsinin Belçika Krallığına aparılması üçün 1 halda, filtrli siqaretlərin Səudiyyə Ərəbistanına aparılması üçün 2 halda, yerli tütünün Türkiyə Respublikasına aparılması üçün 1 halda, filtrli siqaretlərin Qırğızıstan Respublikasına aparılması üçün 2 halda, “Miraj Gold” MMC-yə gümüş zinət əşyasının İspaniya Krallığına ixrac etməsi üçün 2 halda mənşə sertifikatı verilib. Bununla yanaşı, “Cahan Pen” MMC PVC qapı, pəncərə profili, boru və radiatorların Türkiyə Respublikasına aparılması üçün 1 halda, “Cahan İnşaat” MMC plastik qapı, pəncərə şüşəsi və aksesuarların Gürcüstan Respublikasına aparılması üçün 1 halda, “Dizayn İnşaat” MMC alüminium külçələrin Türkiyə Respublikasına aparılması üçün 2 halda, “Babək Sirab” ASC “Sirab” mineral sularının Küveyt dövlətinə aparılması üçün 1 halda, “Sirab” mineral sularının Türkiyə Respublikasına aparılması üçün 6 halda, “Gəmiqaya Mineral Sular” MMC mineral suların İraq Respublikasına aparılması üçün 2 halda mənşə sertifikatı ilə təmin olunub. Eyni zamanda “Cahan Sənaye Kompleksi” MMC-yə inşaat materiallarını Rusiya Federativ Respublikasına ixrac etməsi üçün 1 halda, “Naxçıvan Sement Zavodu” MMC-yə sement məhsulunu Gürcüstan Respublikasına ixrac etməsi üçün 2 halda, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutuna yabanı bitki toxumu və kökləri nümunələrinin Niderland Krallığına aparılması üçün 1 halda mənşə sertifikatı verilib. Bəhs olunan dövrdə, ümumilikdə, 43 halda mənşə sertifikatının verilməsi təmin edilib. Bunlardan 17-si CT-1 formalı, 22-si ümumi formalı və 4-ü isə A formalıdır.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri istehsal etdikləri məhsulların laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər. Bu həm sahibkarların istehsal etdikləri məhsulların keyfiyyəti haqqında məlumatlandırılmasına, həm də onların ixraca təşviqi baxımından faydalıdır.
Göründüyü kimi, cari ilin 6 ayı ərzində mənşə və keyfiyyət sertifikatları ilə təmin olunan müəssisə və fiziki şəxslər, əsasən, ixracyönümlü məhsul istehsal edən sahibkarlar və ya sahibkarlıq subyektləridir. Həmçinin məhsulların növləri də muxtar respublikamızda daha fərqli ixracyönümlü məhsulların istehsal edildiyini göstərir. Ümidvarıq ki, yerli sahibkarlar bundan sonra da muxtar respublikada fəaliyyət göstərən bu laboratoriyanın imkanlarından istifadə edəcək, yerli məhsulların ixracına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti