Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən hər il muxtar respublikada təhsil alan şagirdlərin və müəllim heyətinin artan tələbatını layiqincə ödəmək, süni qiymət artımının qarşısını almaq və məktəblilərin seçim imkanlarına şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkası təşkil olunur.
Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, muxtar respublikada şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqətdə saxlanılır. Hər il məktəbli yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan mühüm addımdır. Bu, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə daha asan şəkildə təmin edilmələrində mühüm rol oynayır. Yarmarkada məktəbli geyimləri ilə yanaşı, lazım olan bütün dərs ləvazimatlarının, ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Buradan lüğət, dünya uşaq ədəbiyyatı nümunələri, bədii və elmi ədəbiyyatlar da əldə etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında bildirib ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Üçü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada məktəbli və idman formaları, məktəbli çantası, ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Satılan bütün məhsulların qiymətinə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət ediləcək.
Yarmarkalarda əsas məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün bölgələrində təşkil olunur və sentyabrın 15-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti