Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Culfa rayonunun Ərəfsə kəndində rayonda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Rauf Kazımov açıb. O bildirib ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin inkişafına dövlət qayğısının növbəti təzahürüdür. Culfa rayonunda da ailə təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən hərtərəfli və davamlı dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatı üzvləri kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmaqla daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatına öz töhfələrini verirlər.
Vurğulanıb ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində cari ildə Culfa rayonunda ailə təsərrüfatlarının sayı 150-yə çatmaqdadır. Keçirilən festivallarda rayonda ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinin nümayəndəsi Əli Şərifov və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər. Çıxışlarda ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvətərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılmasından bəhs olunub.
Ailə təsərrüfatları sahiblərinə Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti barədə də məlumat verilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Alim Ağayev