“Mən bu ilin iyul ayının sonunda İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri təyin edilmişəm. Çox sevinirəm ki, Azərbaycanın bölgələrindən ilk dəfə məhz Naxçıvana səfər etmişəm”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.
O bildirib ki, burada birsıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Səfir Naxçıvandakı istehsal və sənaye müəssisələrində də olub, İsveçrə hökumətinin dəstəyi ilə bərpa olunan kəhrizə baxıb. O, kəhrizin yaxşı fəaliyyət göstərdiyini və əhalinin də ondan səmərəli şəkildə istifadə etdiyini vurğulayıb. Muriel Peneveyre səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi ilə də tanış olduğunu, çoxşaxəli iqtisadiyyata malik olan Naxçıvan barədə ətraflı məlumat aldığını bildirib.
“Səfərim birgünlük olduğundan muxtar respublika ilə tanışlıq imkanım o qədər də çox olmadı. Ümidvaram ki, mən buraya bir daha səfər edəcək və qədim diyarla daha da yaxından tanış olmaq imkanı qazanacağam”, – deyən səfir ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Tural Ağayev