"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

 

   Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.

Son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın çoxalmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötmüşdür. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionlarda bütün köklü problemlər həll olunmuş, müasir infrastruktur formalaşdırılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Ümumilikdə, bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmiş, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 25 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək“, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının sədri tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Birgə Bəyannamə, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair Saziş, 2013-cü ilin fevralında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş, 2013-cü ilin dekabrında isə Bakıda “XXI əsrin müqaviləsi” kimi tarixə düşən “Şahdəniz-2” üzrə Yekun İnvestisiya Qərarı imzalanmışdır. Ötən dövr ərzində Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin üç seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Boru Kəməri və TANAP üzrə bütün işlər tamamlanmış, dördüncü seqment olan TAP isə artıq yekunlaşmaq mərhələsindədir.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün Niyyət Protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. 

Naxçıvan Muxtar Respublikası 

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti