Sahibkarlıq subyektləri tərəfindən mövcud ticarət qaydalarına əməl edilməsi istiqamətində hüquqi maarifləndirmə

 

   İstehlakçıların hüquqlarının müdafiəsi hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur və son illər bu sahədə əhəmiyyətli işlər gürülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür.

   Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 №-li Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir.

   Həmin qaydalarda istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə obyektin infrastrukturuna, sanitar-gigiyenik vəziyyətinə, malların daşınmasına, obyektə qəbul edilməsinə, saxlanılmasına, satışı şərtlərinə, hesablaşmaların aparılmasına və s. məsələlərə dair çox saylı tələblər qoyulmuşdur.

  İlk növbədə sahibkarlıq subyektləri bilməlidirlər ki, ticarət obyekti işə başlamamışdan əvvəl müştərilərə lazımi qaydada xidmət göstərilməsini təmin etmək üçün hazırlıq işləri aparılmalıdır. Belə ki, müştərilərə tez xidmət göstərmək məqsədilə obyekt tərəfindən yardımçı sahədə olan mallar vitrinə tam çeşiddə və lazımi miqdarda düzülməli, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət yarlıqları vurulmalı, anbarda və ya vitrində olan ərzaq xammalının və hazır məhsulların saxlanma və yararlılıq müddətlərinin ötüb-ötmədiyi yoxlanılmalıdır. Saxlanma və yararlılıq müddətləri ötmüş məhsullar aşkar edildiyi təqdirdə onların satışdan çıxarılaraq müvafiq qaydada məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

   Özünəxidmət obyektləri inventar səbətləri, arabalar, maqqaşlarla, həmçinin satılan malın xüsusiyyətindən asılı olaraq müştərilərin mal seçməsi üçün uyğun olan digər inventarlarla təchiz olunmalıdır.

   Mövcud qanunvericilikdə istehlakçının aldığı malın çəkisi, ölçüsü, miqdarı haqqında satıcıdan (icraçıdan) tam və düzgün məlumat almaq hüququ müəyyən edilmişdir. İstehlakçının bu sahədəki hüquqlarını təmin etmək məqsədilə satıcı (icraçı), müştəriyə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etmək üçün obyektdə ticarət və ya xidmət zalında görünən yerdə aidiyyəti qurum tərəfindən yoxlamadan keçirilmiş nəzarət tərəziləri və başqa ölçü avadanlıqları yerləşdirilməlidir.

  Sahibkar həmçinin müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir. Bu məlumatlar hər bir malın istehsalında istinad olunan standartın və digər normativ sənədlərin tələblərinə uyğun olaraq onun üzərində və ya mala əlavə edilən yarlıqda öz əksini tapmalıdır. Qeyd olunan proses əsasən istehsal mərhələsində həyata keçirildiyindən, ilk növbədə istehsalçı malın üzərində həmin məlumatların tam və düzgün şəkildə yerləşdirilməsini təmin etməlidir.

    Satışa çıxarılan malların üzərindəki məlumatlar müvafiq xarici dillərlə yanaşı Azərbaycan dilində də yazılmalıdır. Bu problem xüsusilə idxal mallarında özünü göstərir. Xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar malları sifariş verərkən istehsalçı müəssisə tərəfindən zəruri məlumatların dövlət dilində də yazılmasını təmin etməlidirlər.

   Xüsusilə qeyd etmək lazımdır ki, istehlakçıların malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu səbəbdən sahibkar malları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul etməli və satışa çıxarmalıdır. Hər bir sahibkar bilməlidir ki, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər olmayan, eləcə də saxlanma və yararlılıq müddəti ötmüş malların satışı qadağandır.

   Malların saxlanılması və daşınması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət edilməsi vacib məsələlərdən biridir. Hazır məhsullar anbarda saxlanma qaydalarına və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmalıdır. Eyni zamanda qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlamaq yol verilməzdir.

   Normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq ərzaq xammalı, köməkçi materiallar və hazır məhsullar obyektdə müvafiq temperatur rejimində saxlanmalıdır. Bu barədə məlumat məhsulun etiketində və ya ona əlavə edilmiş yarlıqda qeyd olunur. Satıcı və ya icraçı xammalın, köməkçi materialların və hazır məhsulların anbarda və ya xidmət zalında həmin temperatur rejimində saxlanmasını təmin etməlidirlər. Bunun üçün isə obyekt soyuducu və digər zəruri avadanlıqlarla təchiz olunmalıdır.

    Eyni zamanda obyektdə mövcud şərait sanitar norma və qaydaların tələblərinə cavab verməlidir. Ticarət obyektləri iş gününün sonunda yığılmış zibil və məişət tullantılarını uzaqlaşdırmaq üçün lazımi sayda və zəruri tələblərə cavab verən zibil qutuları, ictimai iaşə obyektləri isə əlavə olaraq lazımi tələblərə cavab verən su-kanalizasiya sisteminə malik olmalıdır.

   Məlum olduğu kimi, ictimai iaşə obyektlərində hazırlanan məhsulların istehlak ömrü çox qısa olur və onların sertifikatlaşdırılması tələb olunmur. Hər bir sahibkar hazırladığı ictimai iaşə məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ilk növbədə özü əmin olmalıdır. Bu məqsədlə hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında yoxlamadan keçirilməsi təmin edilməlidir.

   Vacib məsələlərdən biri də malların ticarət obyektlərinə sanitar tələblərə cavab verən və temperatur rejimini tənzimləyən avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitələrində daşınmasıdır. Xüsusilə insanların gündəlik istehlakında geniş istifadə olunan çörək, ət və bu kimi  digər ərzaq məhsullarının daşınmasına xüsusi diqqət etmək lazımdır. Odur ki, hər bir sahibkar malların istehsalçıdan ticarət obyektlərinə daşınması, tədarükü zamanı qeyd olunan tələblərə cavab verən avtonəqliyyat vasitələrindən istifadəyə xüsusi əhəmiyyət verməlidirlər.

   Hər bir sahibkar malların anbardan alıcılara buraxılarkən onların düzgün qablaşdırıldığına və etiketləndiyinə, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin olub-olmadığına, yeyinti məhsullarının üzərində saxlanma və yararlılıq müddətlərinin göstərilib-göstərilmədiyinə və ya saxlanma və yararlılıq müddətlərinin ötmədiyinə diqqət etməli və müvafiq tədbirlər həyata keçirməlidir.

  Obyektdə çalışan satıcıların və digər xidməti işçilərin sağlamlığı və gigiyenası məhsulun təhlükəsizliyi baxımından olduqca vacibdir. Unutmaq lazım deyil ki, qida ilə təmasda olan və xəstəlik daşıyıcısı olan işçilər insanların kütləvi xəstəliklərə yoluxmasına səbəb ola bilir. Odur ki, sahibkar işçilərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və vaxtaşırı olaraq tibbi müayinələrdən (baxışlardan) keçmələrini təmin etməli və onları işin xüsusiyyətlərindən asılı olaraq təmiz iş paltarları (önlük, papaq, əlcək və s.) ilə təchiz etməlidir. Digər tərəfdən həmin işçilərə məxsus sağlamlıq kitabçaları obyektdə saxlanılmalıdır.

   Alıcı və sifarişçilərlə hesablaşmalarda da diqqətli olmaq lazımdır. Belə ki, qaydalara görə ticarət obyektləri nağd pulları və çek kitabçalarından (hesablaşma çeklərindən) çekləri kassa aparatları vasitəsi ilə qəbul etməlidirlər. Kassa aparatlarında isə bu sahədə müvafiq təhsil haqqında sənədi olan işçilər çalışmalıdır. Malın pulunu alarkən kassir və ya satıcı-kassir müştəriyə aldığı pulun məbləğini aydın deməlidir. Kassa aparatında çek vurulmalı, müştəriyə qaytarılan pulun qalığı aydın deyilib çek və mal ilə birgə ona verilməlidir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti