Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində dördüncü “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək

 

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkili edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açır. Hazırda muxtar respublikada arıçılıqla məşğul olanların sayı gündən-günə artır. Arı məhsullarının istehsalı və satışı bazar iqtisadiyyatına uyğun olaraq formalaşmışdır.   

   Bu  mənada artıq ənənə halına çevrilmiş  “Arıçılıq məhsulları - bal festivalı”nın bu il dördüncüsü keçiriləcək. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq festivala muxtar respublikanın bütün rayonlarından olan arıçılar tərəfindən süzmə, şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyət malik olan dərman bitkiləri və digər məhsullar çıxarılacaq. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif ediləcək.

   Festival sentyabrın 29-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti