Artıq 100 ildir ənənəvi olaraq təşkil olunan “Anuga” beynəlxalq ərzaq sərgisi bu il 05 oktyabr tarixdən Almaniya Federativ Respublikasının Köln şəhərində 2019-cu il üçün öz fəaliyyətinə başlayır. Dünyanın öndə gələn iri istehsalçılarını və sərmayəçilərini bir araya gətirən sərginin keçirilməsində əsas məqsəd ərzaq sektorunda dünya trendlərini və ən son yenilikləri ziyarətçilərə təqdim etməkdir
Artıq ikinci dəfədir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə bu il Azərbaycanın sərgidə iştirakı təmin olunur. Sərgidə ümumilikdə 18 sayda firma ilə iştirak edən Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi altında ölkəmizdə, o cümlədən muxtar respublikada istehsal olunan qida məhsullarını nümayiş etdirir.
Beynəlxalq qida sektorunun inkişafında və yerli məhsulların dünya bazarına çıxarılmasında önəmli rola malik olan “Anuga” beynəlxalq ərzaq sərgisində bu il muxtar respublika üzrə “Ləzzət Qida Sənaye” MMC tərəfindən istehsal olunan vafli məhsulları, peçenyələr və lokumlar tədbir iştirakçılarına nümayiş olunur.
Qeyd edək ki, sərgi 09 oktyabr 2019-cu il tarixədək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti