Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyev adına sarayda keçirilən sərgi-satışda iştirak edib. Artıq 6 gündür davam edən sərgidə məhdud fiziki imkanlıların, evdar qadınların, qadın məhkumların, o cümlədən Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların əl işləri nümayiş olunur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgiyə muxtar respublikanın şəhər və rayonlarından toplanılan 3643-dan çox əl işi cəlb olunmuşdur. Sərgidə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev və nazirliyin kollektivi iştirak edərək əl işləri ilə tanış olmuşdur.
Qeyd edək ki, sərgi 10 oktyabr 2019-cu il tarixədək davam edəcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti