Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü alətlərindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır. Bunun nəticəsidir ki, brendləri olan ölkələr nəinki xarici turistləri cəlb edir, həmçinin onun məhsulları rəqabət mübarizəsində güclü dəstək əldə etmiş olur.
Hazırda Naxçıvan Muxtar Respublikasında əmtəə nişanları, onların hüquqi təminatı, keyfiyyət standartlarına uyğunluğu, reklamı, ixracı bir sıra qanunvericilik aktları ilə, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında”, “Reklam haqqında”, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Dünya bazarında Naxçıvan məhsulu haqqında məlumatlılığının artırılması, keyfiyyətli yerli məhsulların ixracının stimullaşdırılması, yerli brendlərin beynəlxalq standartlara cavab verməsinin təmin olunması bugün prioritet istiqamətlər sırasındadır. Hazırda yerli şirkətlərin getdikcə artması onları rəqiblərdən fərqlənmək, istehlakçıların diqqətini çəkmək və şüurlarında yer qazanmaq üçün çalışmağa vadar edir. Nəticədə şirkətlər brend siyasəti yürütməklə bazarda daha çox paya sahib olmaq üçün mübarizə aparırlar. Məhsul istehsalı və xidmət sahəsində uğurlu və uzunmüddətli brend siyasətini aparan və beləliklə artıq yaddaşlarda qalan bir çox Naxçıvan brendləri formalaşmışdır ki, bunların da sırasında “Sirab”, “Badamlı”, “Naxçıvan duzu”, “Naxçıvan göycəsi” və digərlərinin adlarını çəkmək olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi olaraq mütəmadi olaraq sahibkarların beynəlxalq tədbir, biznes forum, sərgilərdə və ixrac missiyalarında iştirakı təmin edilmişdir.
Hazırda Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəlidir. Sahibkarların dünya biznes mühiti ilə əlaqələrini daha da genişləndirmək məqsədilə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilmişdir. Cari ilin ötən dövrü ərzində ölkə daxilində və 10 хаrici ölkədə kеçirilən 25 beynəlxalq tədbirdə 101 sahibkarlıq subyektinin 102 nümayəndəsinin iştirakı təmin edilmişdir. Muxtar respublikada istehsal olunan ərzaq məhsulları Almaniya Federativ Respublikasında keçirilən “Green Week”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood”, Rusiya Federasiyası, və Türkiyə Respublikasında təşkil edilmiş müxtəlif sərgilərdə nümayiş olunmuşdur.
İstehsal olunan məhsulların xarici bazarlara çıxışını təmin etmək və regionun ixrac potensialını artırmaq istiqamətində atılan addımlardan biri də xaricdə Ticarət Evlərinin yaradılmasıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin istifadəyə verilməsi sahibkarlar tərəfindən istehsal olunan məhsulların təşviqi və satışına, iş adamları arasında işgüzar görüşlərin təşkilinə, ticarət sövdələşmələrinin aparılmasına və əlaqələrimizin inkişafına şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti