2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Babək rayonu Aşağı Buzqov kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı İsa Novruzov çıxış edərək arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi haqqında geniş məlumat vermişdir.
Xatırladaq ki, 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 nəfər arıçı ailəsinə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları təsərrüfat sahiblərinə paylanılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti