Növbəti seminar-müşavirə Kəngərli rayon Çalxanqala kəndində keçirilmişdir

 

2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın  icrası ilə əlaqədar növbəti  seminar-müşavirə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kəngərli rayonu Çalxanqala kəndində keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin və Kəngərli rayon Sığorta Agentliyi əməkdaşlarının iştirakı ilə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda çıxışlar dinlənilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı İsa Novruzov da çıxış edərək ailə təsərrüfatı ilində sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara  yaradılan şəraitdən, arıçı sahibkarlara göstərilən dövlət  maliyyə dəstəyindən geniş məlumat vermişdir.

Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 74 mini ötmüş, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşmışdır.Xatırladaq ki, 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 11 nəfər arıçı ailəsinə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Sonra ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb. 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti