14 oktyabr 2019-cu il tarixində Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində Biznes-forum keçirilmişdir.
Biznes-forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan Respublikalarının rəsmiləri və işadamları iştirak etmişdir.
Türkdilli Dövlətlərin biznes dairələrinin, xüsusilə də kiçik və orta sahibkarların iştirakı ilə keçirilən biznes forumda muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən Babək “Sirab” ASC-nin, “Müasir Məkan” ət və ət məhsulları istehsalı müəssisəsinin və “Nur-Qida” MMC-nin nümayəndələri də iştirak etmişdir. Keçirilən qarşılıqlı görüşlər zamanı muxtar respublikadan olan iş adamları bir sıra xarici tərəfdaşlarla əməkdaşlığın qurulmasına dair müzakirələr aparmışlar.
Forum çərçivəsində Türkiyə Respublikası tərəfindən muxtar respublikaya tətbiq olunan güzəştli ticarət rejimi çərçivəsində qarşıya çıxan problemlərlə bağlı Azərbaycan Respublikası İqtisadiyyat naziri, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri, Türkiyə Respublikasının Ticarət naziri və nümayəndə heyəti ilə görüş keçirilmiş və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti