Şərur rayon Alışar kəndində xidmət mərkəzi istifadəyə verilmişdir

Ardıcıl tədbirlərin davamı olaraq ötən gün Şərur rayonunun Alışar kəndində də xidmət mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Kənddəki ailə təsərrüfatlarında istehsal olunan 80 adda məhsul alıcılara təklif olunur. Mərkəzdə 6 nəfər işlə təmin olunmuşdur. Alışar kəndində xidmət mərkəzinin  istifadəyə verilməsi kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Ümumiyyətlə muxtar respublikanın müasirləşən kənd yaşayış məntəqələrində xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin gündəlik məişət tələbatının ödənilməsi və yeni iş yerlərinin açılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Xüsusilə xidmət mərkəzlərində yerli sənaye və ərzaq, o  cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışa çıxarılması və digər xidmətlərin təklif olunması kəndlərdə məşğulluğun artırılması ilə yanaşı turizmin inkişafına da öz töhfəsini verir.

Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq  sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir.

 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti