İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları ili” elan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevirilməsi məqsədilə maarifləndirici tədbirlərin aparılması əsas vəzifə kimi İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuşdur.
Ailə təsərrüfatlarının fəaliyyəti ailə üzvlərinin əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli insanların eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmasıdır.Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı bu gün də artmaqda davam edir.
Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən illər ərzində aparılan köklü islahatlar bu sahənin sürətli inkişafına şərait yaratmış, bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir.
Bundan əlavə, son illərdə muxtar respublikada “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivallarının təşkili ənənə halını almışdır. Bu festivalların da, əsasən, kənd təsərrüfatı yönümlü olması bu sahənin təşviqinə göstərilən böyük diqqətin bariz nümunəsidir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika, mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların verilməsi də məhsul istehsalının artımına böyük stimul yaratmışdır.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar bu sahənin inkişafını stimullaşdırmış, istehlak bazarının sabitləşməsinə nail olunmuş, son illərdə dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 299 heyvandarlıq, 85 quşçuluq, 14 balıqçılıq, 121 arıçılıq, 66 bağçılıq, 9 üzümçülük təsərrüfatının yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına geniş imkanlar açmışdır.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 39 ailə təsərrüfatına 381 min 400 manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olmuş, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın inkişafına geniş imkanlar açır.Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 74 mini ötmüş, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşmışdır. 2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar arıçılıqla məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi ön plana çəkilmiş, arıçılara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, damazlıq təsərrüfatının yaradılması da diqqətdə saxlanmışdır.
Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir.Çünki ailə təsərrüfatları həm yerli isteahsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir ”.
2019-cu ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılığın inkişafı istiqamətində 11 layihəyə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir. Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə ailə təsərrüfatlarının öz bizneslərini gözlənilən səviyyədə uğurla qurmaları və belə təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları bu sahədə müsbət təcrübənin formalaşdığını deməyə əsas yaratmışdır.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə-tərəvəz məhsullarının qurudularaq paketlənməsi, yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması, müalicəvi əhəmiyyətli bitkilərin cövhərinin istehsalı və qablaşdırılması, südçülüklə məşğul olan ailə təsərrüfatlarında süd məhsullarının istehsalı, arıçılıq təsərrüfatlarında bal və digər məhsulların istehsalı, qablaşdırılması,kürə çörəyi istehsalı üçün avadanlıqların alınması, meyvə arağı və şərab istehsalı sahələri üzrə 190 ailə təsərrüfatında monitorinqlər aparılmış və 90 ailə təsərrüfatının fəaliyyəti qənaətbəxş hesab edilərək, onlara dövlət maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur ki, bu da yerlərdə yeni iş yerlərinin açılması, məşğulluğun və əhalinin gəlirlərinin artırılması deməkdir.
Ötən müddət ərzində ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işlər həyata keçirilmişdir. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan Biznes Mərkəzinin nəzdində taraların satışı mağazası istifadəyə verilmiş, 280 ailə təsərrüfatı 11 mindən çox tara ilə təmin olunmuşdur.
Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 120çeşiddən çox məhsulunun nümayişi təmin olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada ailə təsərrüfatlarında istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliyinin stimullaşdırılması ilə yanaşı istehlakçıların ekoloji təmiz məhsullarla təmin edilməsində mühüm rol oynamışdır.
Keyfiyyət amili istehsalın mühüm şərtidir. Təbii ki, bu işdə məhsulun sertifikatlaşdırılması, markalanması və qablaşdırılması istehlakçıların əsas tələbləri sırasındadır.Bu məsələyə diqqət yetirilməsi ailə təsərrüfatında istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılması, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə ailə təsərrüfatlarında hazırlanan məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri üzrə laboratoriya təhlilləri aparılmışdır. Nəticədə 256 halda məhsullarda laboratoriya analizləri aparılarkən 515 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarına öz bizneslərini genişləndirməklə yanaşı, onlara kiçikhəcmli süd emalı, balın qablaşdırılması, meyvə qurusu, üzüm və tut doşabı, günəbaxan tumunun qovurulması, mövüc və kompot istehsalı kimi sahələrin yaradılması haqqında maarifləndirmə tədbirləri aparılaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Görülən tədbirlərin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsindən ibarətdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması bu fəaliyyət sahəsinə marağı artırmış və yeni yaradılmış ailə təsərrüfatları iqtisadiyyata öz töhfəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti