Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Çıxışlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın əhəmiyyətindən bəhs edilib.
Nəzərə çatdırılıb ki, iqtisadi inkişafın təməl prinsiplərindən biri özəl sektorun inkişaf etdirilməsi, maliyyə sövdələşmələrinin nağdsız hesablaşmalar vasitəsilə aparılması yüksək faydalılıq əmsalları ilə təzahür olunur.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində noyabrın 1-ə kimi muxtar respublikanın ticarət və iaşə obyektlərində 1278 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Bunla bərabər muxtar respublikada ödəniş kartlarının sayı 270536 ədəd çatdırılıb və 2019-cu ilin 10 ayı ərzində POS-terminal, internet və digər ödəniş vasitələri daxil olmaqla nağdsız ödənişlərin həcmi 36.137.969 manat olub.
Sonda hazırlanmış bukletlər iştirakçılara paylanılıb.
NUHÇIXAN