Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb

 

Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 noyabr 2019

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2019-cu il.