Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Diyarımızda aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. O cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrıayrı sahələri üzrə uğurlu nəticələr qazanılıb.Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaradıb, daxili bazarda yerli məhsulların həcmi artıb.
Qeyd edək ki, yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır. Bu işlər sırasında özünəməxsus əhəmiyyəti ilə seçilən layihələrdən biri də soyuducu anbar komplekslərinin yaradılmasıdır. Soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində də mühüm rola malikdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir. Qeyd edək ki, muxtar respublikamızda yaradılmış soyuducu anbar təsərrüfatı payızqış aylarında əhali istehlakında mühüm paya malik olan yerli meyvə və tərəvəz məhsullarının münasib qiymətlərlə satışa çıxarılmasına imkan verir. Bundan əlavə, soyuducu anbarlar, əsasən, diyarımızda yetişdirilən meyvə-tərəvəz hesabına doldurulduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə stimul yaradır. Belə ki, soyuducu anbarlar muxtar respublikamızın, demək olar ki, bütün rayonlarında olduğundan bu, meyvətərəvəz məhsullarının daşıma xərclərinin və müvafiq olaraq satış qiymətlərinin də aşağı salınmasına təsir edir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, hazırda muxtar respublikamızda ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar var. Mövsümlə əlaqədar Naxçıvan şəhərindəki, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir. Noyabrın 15-dək həmin anbarlara 4579,5 ton kartof, 335,97 ton soğan, 582,03 ton alma, 10,65 ton kələm tədarük olunub. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük ediləcəyi gözlənilir. Bu da qış mövsümündə əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına imkan verəcək. -
Səbuhi HƏSƏNOV