Dekabrın 6-da Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində olub. Rza Tuna Turaqaya Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri və mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Vurğulanıb ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Daha sonra qarşılıqlı görüşlər zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, dekabrın 7-də Ticarət nazirinin müavini Rza Tuna Turaqay "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin fəaliyyəti ilə tanış olacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti