Dekabrın 11-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.
Görüş zamanı Naxçıvan Biznes Mərkəzində sərgilənən məhsullarla tanışlıq zamanı səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Vurğulanıb ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Daha sonra qarşılıqlı görüşlər zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti