Ölkəmizin müasirliyə doğru sürətli inkişafı insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək vəzifəsini qarşıya qoyur. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əsas amillərindən biri olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionun investisiya cazibədarlığının və ölkəmizin iqtisadi gücünün artırılmasında mühüm əhəmiyyətə malikdir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına muxtar respublikamızın verdiyi töhfələrdəndir.
Ötən illərdəki kimi, yola salmaqda olduğumuz 2019-cu ildə də muxtar respublikada istifadəyə verilmiş yeni istehsal və xidmət sahələri bu istiqamətdə qazanılmış uğurlardan xəbər verir.
Naxçıvanda mövcud olan təbii sərvətlər və istehsal-əmək ehtiyatları burada sahibkarlar üçün geniş bazar imkanları yaradır. Belə imkanlardan və davamlı dövlət qayğısından bəhrələnən özəl sektor təmsilçiləri tərəfindən ötən dövr ərzində həyata keçirilən layihələr hesabına muxtar respublikamızda sənaye və kənd təsərrüfatı sahələrində sərmayə qoyuluşlarının həcmi artıb, yüzlərlə sayda məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi mümkün olub. Belə ki, hər il çox sayda yeni iş yerləri yaradılıb, əhali gəlirlərinin artması, demoqrafik göstəricilərin yaxşılaşması davamlı xarakter alıb. Bütün bunlar da, ümumilikdə, muxtar respublika iqtisadiyyatının cazibədarlığını müəyyən edən əsas amillərdəndir. Diyarımızda sahibkarlara göstərilən qayğının nəticəsidir ki, son 24 il ərzində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, eləcə də kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmətsahələri yaradılıb. Bütün bunlar daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynamaqdadır.
Qeyd olunan uğurlar cari ildə də davam etdirilib və muxtar respublikada iqtisadi resurslardan səmərəli istifadə olunması üzrə mühüm layihələr reallaşdırılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən 1 dekabr 2019-cu il tarixədək 60-dan artıq yeni istehsal və xidmətsahələri yaradılıb. Əsasən, dövlət maliyyə dəstəyi ilə yaradılan bu sahibkarlıq obyektlərində 200-dən artıq yeni iş yeri də açılıb. 40-dan artıq ailə təsərrüfatının da sıralarında yer aldığı bu yeni istehsal və xidmət sahələrində ərzaq məhsullarının istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, süd emalı, balın qablaşdırılması, yabanı dərman bitkilərinin tədarükü, meyvə araqlarının və bitki cövhərlərinin istehsalı, həmçinin soyuducu anbarların yaradılması kimi müxtəlifprofilli biznes subyektləri görmək olar. Paytaxt Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın, demək olar ki, bütün rayonlarında, eləcə də ucqar dağ və sərhəd kəndlərində yaradılmış bir çox belə sahibkarlıq sahələri və ailə təsərrüfatları əhalinin, xüsusən də qadınların məşğulluğuna mühüm töhfə verir.
Naxçıvan şəhərində fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış yeni istehsal sahəsində daha 50 nəfər üçün iş yeri açılıb. Məhsulları təkcə daxili bazarda deyil, xarici ölkələrdə də özünə alıcı tapan bu müəssisənin istehsal gücünün daha da artırılması biznes ideyası baxımından da maraqlıdır. Naxçıvanın yüksəkkeyfiyyətli heyvandarlıq məhsulları tarixən böyük tələblə qarşılanıb. Bu gün də naxçıvanlı fermerlərin istehsal etdikləri ət və süd məhsulları ilboyu özünə alıcı tapmaqdadır. Şərur rayonunun işgüzar insanları isə sahib olduqları bərəkətli torpaqlardan bol məhsul əldə etmək üçün indi ən yaxşı imkanlara malikdirlər. Bu il rayonunArbatan, Dəmirçi, Kosacan, Kürkənd, Muğanlı, Püsyan və digər kəndlərində dövlət maliyyə dəstəyi ilə yaradılmış yeni sahibkarlıq subyektlərində yüzlərlə baş iri və xırdabuynuzlu heyvanın alınması və sayının daha da artırılması üçün işlər görülməkdədir. Ötən dövrdə həyata keçirilən tədbirlərin nəticəsi isə göz qabağındadır. 20- 25 il əvvəl təzə ətin qeyri-qanuni yolla və həddindən artıq baha qiymətə satıldığı, xaricdən mənşəyi məlum olmayan donmuş ətin idxal olunduğu Naxçıvanda indi əhaliyə hər quzunun ətini bəyəndirmək çətindir. Göründüyü kimi, Allahın bəxş etdiyi təmiz su, hava və torpaq işgüzarlıq və zəhmətlə əhatə olunduqda istənilən işin qaymağını dadmaq mümkündür.
Soyuducu anbarlar əhalinin ilboyu təzə ərzaq məhsulları ilə münasib qiymətlərlə təmin olunmasında və daxili bazarda tarazlı qiymətlərin saxlanılmasında mühüm rol oynayan istehsal infrastrukturudur. Ötən dövrdə yaradılmış 16 min tona yaxın tutumu olan 37 soyuducu anbara tədarük edilən məhsullar hesabına marketlərimizin rəfləri həmişə dolu olub. Cari ildə də Şərur rayonunun Yengicə, Çomaxtur, Cəlilkənd, Çərçiboğan, Zeyvə və Danyeri kəndlərindəki sahibkarlara məxsus və ümumi tutumu 2200 tona yaxın olan daha 6 soyuducu anbarın özəl investisiya hesabına yaradılması və genişləndirilməsi də gələcəkdə bu sahədə qarşıya qoyulmuş vəzifələrin həllinə öz töhfəsini verəcək.
Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları Naxçıvanda bir çox ailə təsərrüfatçısının səmərəli məşğulluq sahəsi və yaxşı gəlir mənbəyidir. Bu il də Naxçıvanda dövlət maliyyə dəstəyi ilə arıçılıq təsərrüfatlarının sayının artırılması və işinin genişləndirilməsi davam etdirilib. Muxtar respublikanın müxtəlif rayonlarında 7 arıçılıq təsərrüfatına göstərilən dövlət maliyyə dəstəyi yüzlərlə yeni arı ailəsinin alınması və balın qablaşdırılması üçün onlara ciddi bir stimul olub. Naxçıvanın dağ və dağətəyi bölgələrindəki gül-çiçəyin nektarından hasilə gələn təmiz bal isə həm doğma diyarımızda, həm də onun hüdudlarından kənarda minlərlə ailənin süfrəsini bəzəyir.
Dünya təcrübəsinə əsasən biznesə gedən yolda əldə olunan uğurlar təkcə bazarın tələbatı ilə deyil, həm də dövlət və sosial maraqların ödənilməsi ilə mümkündür. Muxtar respublikamızda sahibkarlığın inkişafı yoluna nəzər saldıqda, görürük ki, ötən dövr ərzində dövlət-sahibkar münasibətlərində etimadın dərinləşməsi ilə xeylisayda uğurlar qazanılıb, reallaşdırılan layihələrin də sayı artıb. Yeni yaradılan sahibkarlıq sahələri isə bu mövqe üzərində qurulmaqla öz yollarını davam etdirirlər.
Əli Cabbarov