Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları, "Xəyal" və "Nuh yurdu" iaşə obyektlərinin nümayəndələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Əlahiddə Ümumqoşun Ordunun əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev əsgərlərlə səmimi söhbət edərək deyib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial məişət şəraitinin artırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi ardıcıl xarakter alıb. Xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi texniki bazası ilbəil gücləndirilir.
Nazir qeyd edib ki, əsgərlər şərəfli bir vəzifəni yerinə yetirdiyi üçün xalqımız və dövlətimiz onlarla qürur duyur. Birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında güclü olmaq üçün, ilk növbədə, şəxsi heyət arasında birlik yaradılmalıdır.
Əsgər və zabitlərimizdə bu birliyin daha da güclü olmasını arzu edən nazir vətənə sədaqətlə xidmət edən hərbçiləri bayramlar münasibətilə təbrik edərək onlara şərəfli xidməti vəzifələrində uğurlar arzulayıb.
Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti